Anna Axmatova

(1889-1966)

XX əsr rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, şair, tənqidçi və ədəbiyyatşünas Anna Axmatova Odessada anadan olmuşdur. Yaradıcılıga erkən yaşlardan başlamışdır. Atası Annanın yaradıcılıqla məşğul olmasını istəmədiyindən ona "Qorenko" soyadını daşımağı qadağan etmişdir. Buna görə də o, ulu nənəsinin qızlıq soyadını – Axmatovanı soyad kimi qəbul etmişdir. Yaradıcılığı daim ciddi senzura və qadağalara məruz qalsa da, bir şair kimi kifayət qədər populyar olmuş, şeirləri oxucular tərəfindən maraqla qarşılanmışdır . "Külək", "Ağ sürü", "Axşam", "Təsbeh", "Ağ qanadlı qatar", "Bağayarpağı", "Anno Domini MCMXXI", "Altı kitabdan", "Zamanın uçuşu" adlı şeir kitablarının, "Qəhrəmansız poema", repressiya dövrünü və özünün ağır həyatından bəhs edən "Rekviyem" poemalarının müəllifidir. Şeirləri dünyanın bir çox dillərinə tərcümə olunmuş, İtaliyanın "Etna-Taormina" ədəbi mükafatına, Oksford Universitetinın "Fəxri doktor" diplomuna layiq görülmüşdür.